Suallar
Tez-tez verilən suallar
LunaList haqqında hər şey: qiymət və LunaList Pro, proqnozların necə hesablandığı, məqsədlər, məxfilik, icma və texniki suallar.
LunaList haqqında
LunaList nədir?
LunaList iPhone və Android üçün pulsuz aybaşı təqvimi və qadın sağlamlığı tətbiqidir. Aybaşını, ovulyasiyanı və münbit günləri, hamiləliyi həftə-həftə, hamiləlikdən qoruyan həbləri, PCOS/endometrioz simptomlarını və menopauzanı izləyir. Tarixləri 28 günlük ortalamaya görə yox, sənin öz tsikl tarixçənə görə hesablayır.
Tətbiqin adı Luna, yoxsa LunaList?
Eyni tətbiqdir. Tətbiqin adı LunaList-dir. Əvvəllər tətbiqin içində qısaca Luna deyilirdi, indi hər yerdə LunaList yazılır. Abunəlik LunaList Pro adlanır. Rəsmi sayt: lunalist.app.
LunaList-i kim hazırlayır?
LunaList Azərbaycanda yaşayan kiçik, müstəqil komanda tərəfindən hazırlanır. Əvvəlcə Azərbaycan, Türkiyə və regiondakı qadınlar üçün düşünülüb, amma dünyanın istənilən yerində işləyir.
Hansı dillərdə var?
Azərbaycan, ingilis, rus və türk dillərində. Tətbiq, bildirişlər, sayt və məxfilik siyasəti dördündə də tam var.
Azərbaycandan kənarda istifadə etmək olar?
Bəli. Tətbiqdə heç nə ölkəyə bağlı deyil: tarixlər, tsikllər və xatırlatmalar istənilən saat qurşağında işləyir. Mövcudluq ölkəndəki App Store və Google Play-dən asılıdır; qiymətlər yerli valyutada göstərilir.
LunaList kimin üçündür?
17 yaşdan yuxarı hər kəs üçün: aybaşını izləyənlər, hamilə qalmaq istəyənlər, hamilələr, həb qəbul edənlər, PCOS və ya endometriozla yaşayanlar və menopauza dövründə olanlar.
LunaList Flo və ya Clue-ya alternativdirmi?
Bəli, xüsusən Azərbaycan dilində tətbiq, reklamsız pulsuz versiya və məlumatlarının harada saxlandığını açıq görmək istəyirsənsə. Ətraflı və dürüst müqayisə: lunalist.app/compare.
Qiymət və LunaList Pro
LunaList pulsuzdur?
Bəli. Aybaşı və ovulyasiya izləmə, proqnozlar, günün xülasəsi, xatırlatmalar, altı məqsədin hamısı və icma pulsuzdur, reklam yoxdur. LunaList Pro əlavə dərinlik verən istəyə bağlı abunədir.
LunaList Pro-ya nə daxildir?
Bütün ixraclar (həkim üçün PDF hesabat: son 3, 6 və ya 12 ay; JSON və CSV fayllar), bütün tsikllər üzrə ritm analizi, 12 aylıq proqnoz, icmada limitsiz şərh və hamiləlik planlaması, PCOS və menopauza üçün addım-addım proqramlar.
LunaList Pro neçəyədir?
Aylıq, 6 aylıq və illik planlar var; bəziləri 1 həftəlik pulsuz sınaqla başlayır. Dəqiq qiymət ödənişdən əvvəl App Store və ya Google Play-də yerli valyutada göstərilir. Abunəni istənilən vaxt mağaza hesabının ayarlarından ləğv edə bilərsən.
Pro-nu pulsuz almaq olar?
Bəli: 7 gün ardıcıl qeyd et, 7 günlük LunaList Pro hədiyyə al. Bitəndə heç bir ödəniş tutulmur.
Tətbiqdə reklam var?
Xeyr. Reklam yoxdur, məlumatların satılmır və reklam üçün paylaşılmır.
Proqnozlar və dəqiqlik
LunaList növbəti aybaşını necə hesablayır?
Sənin son tsikllərinə (12-yə qədər) əsaslanır və qeyd etməyi açıq-aydın unutduğun ayları nəzərə almır. Ovulyasiya gözlənilən aybaşından təxminən 13 gün əvvələ, münbit günlər isə onun ətrafına düşür. Başlanğıcda qeydiyyat zamanı verdiyin cavablardan istifadə edir.
Tarixlər nə qədər dəqiqdir?
LunaList tək tarix yox, tarix aralığı göstərir, məsələn, «10-14 okt, ən ehtimal 12». Hər yeni tsikllə daha dəqiq olur. Hər təxminin yanında səbəbi yazılır; məlumat azdırsa, «hələ təxminidir» deyir.
Nizamsız tsikllə işləyir?
Bəli. Tsiklin dəyişkəndirsə, aralıq genişlənir. Tətbiq dəqiq olduğunu iddia etmir. «PCOS / Endometrioz» məqsədi uzun və nizamsız tsikllər üçün qurulub.
Aybaşım gecikəndə nə olur?
Bir neçə günlük gecikmə həyəcan siqnalı sayılmır. LunaList sənin öz adi aralığına görə neçə gün gecikdiyini göstərir və günlər keçdikcə hamiləlik testi və ya həkim kimi növbəti addımları sakitcə təklif edir.
LunaList-dən kontrasepsiya kimi istifadə etmək olar?
Xeyr. Münbit gün proqnozları təxmindir və hamiləlikdən qorunma üsulu deyil. Hamiləlikdən qorunmaq istəyirsənsə, etibarlı üsuldan istifadə et və həkimlə danış.
Pulsuz ovulyasiya kalkulyatoru var?
Bəli, lunalist.app/ovulation ünvanında, qeydiyyatsız. Son aybaşının ilk gününü seç: ovulyasiya günü, münbit günlər, növbəti aybaşı və təxmini doğuş tarixi dərhal görünür.
Məqsədlər və qeydlər
Nələri izləmək olar?
Altı məqsəd var: aybaşı izləmə, hamilə qalmaq, hamiləlik, hamiləlikdən qoruyan həb, PCOS / endometrioz və menopauza. Hansını seçsən, ekran ona uyğunlaşır.
Hər gün nələri qeyd edə bilərəm?
Aybaşının şiddəti, ləkələnmə, simptomlar, əhval, yuxu, su, sızanaq, intim həyat, test nəticələri və sərbəst qeydlər. Gündəlik qeyd bir toxunuşla edilir.
Hamilə qalmağa kömək edir?
Münbit günləri və ən ehtimal ovulyasiya gününü öz tsiklinə görə göstərir, ovulyasiya və hamiləlik testlərini qeyd etməyə imkan verir. Bir ildən çox cəhd edirsənsə (35 yaşdan sonra altı aydan çox), həkimə müraciət et.
Hamiləlik izləyicisi var?
Bəli. Son aybaşının ilk gününə görə həftəni, trimestri və təxmini doğuş tarixini göstərir; hər həftə körpənin ölçüsü, inkişafı və tövsiyələr çıxır.
Həbi xatırlada bilər?
Bəli. Hər gün seçdiyin saatda xatırladır, paket təqvimində həb və fasilə günlərini ayrıca göstərir; həbi qeyd etməsən, xatırlatmanı təkrarlayır.
PCOS və ya endometriozda faydalıdır?
Bəli. Uzun və nizamsız tsiklləri, ağrı və qanaxma qeydlərini həkimə göstərə biləcəyin şəkildə toplayır. LunaList Pro ilə son aylar üçün PDF hesabat hazırlaya bilərsən.
Menopauza və perimenopauza üçün uyğundur?
Bəli. İsti basmaları, gecə tərləmələrini, yuxunu və əhvalı qeyd edirsən, tətbiq onların nə vaxt və nə qədər tez-tez olduğunu göstərir.
Məqsədi sonra dəyişmək olar?
Bəli, istənilən vaxt. Köhnə qeydlərin qalır; məsələn, hamiləlikdən sonra yenidən aybaşı izləməyə keçə bilərsən.
Məxfilik və məlumatlar
Məlumatlarım harada saxlanılır?
Serverlərimizdə, hesabına bağlı şəkildə, telefonu dəyişəndə qeydlərin itməsin deyə. İnternetdə ötürülərkən şifrələnir. Hesabını və bütün məlumatlarını istənilən vaxt silə bilərsən.
Məlumatlarım satılır və ya paylaşılır?
Xeyr. Məlumatların satılmır və reklam üçün paylaşılmır. Tətbiqin işləməsi üçün istifadə olunan xidmətlər (hostinq, bildirişlər, ödənişlər) Məxfilik Siyasətinin 4-cü bölməsində adbaad yazılıb.
LunaList süni intellektdən istifadə edir?
Yalnız bir yerdə: səhər gələn «Günün tövsiyəsi» bildirişində. Onu Google Gemini hazırlayır; son 7 günün qeydləri adın, e-poçtun və telefonun olmadan göndərilir. Günün xülasəsini süni intellekt yox, tətbiqin öz qaydaları hesablayır. Bu bildirişi ayarlardan söndürə bilərsən.
Hesab açmaq məcburidir?
Xeyr. Qonaq kimi dərhal başlaya bilərsən. Hesabı sonra Profildən bağlasan, telefon dəyişəndə və ya tətbiqi yenidən quranda qeydlərin itməz.
Yanımda kimsə olanda məlumatlarımı gizlədə bilərəm?
Bəli, sakit rejimlə. Rənglər, faza adları və tarixlər gizlənir, bildirişlərin mətni görünmür.
Qeydlərimi yükləyə bilərəm?
Bəli, LunaList Pro ilə: bütün qeydlərini JSON və ya cədvəl (CSV) kimi, həmçinin həkim üçün PDF hesabat kimi yükləyə bilərsən. Fayl arxa fonda hazırlanır, hazır olanda bildiriş gəlir. Hesabı və bütün məlumatları silmək isə hamı üçün pulsuzdur.
Hesabımı necə silim?
Tətbiqdə Profil → Hesabı sil. 14 gün ərzində yenidən daxil olsan, hesab bərpa olunur; sonra bütün məlumatlar birdəfəlik silinir. Tətbiqə girə bilmirsənsə, lunalist.app/delete-account səhifəsindəki yolla e-poçtla da silmək olar.
İcma və mütəxəssislər
İcmada adım görünür?
İstəmirsənsə, yox. Adsız yaza bilərsən, adın və şəklin digər istifadəçilərə göstərilmir. Paylaşımlar avtomatik və moderatorlar tərəfindən yoxlanılır; qərarla razı deyilsənsə, etiraz edə bilərsən və başqa moderator baxır.
İcmada həkimlər var?
Bəli. Həkim və mütəxəssislər yalnız yoxlamadan sonra ekspert kimi görünür; təsdiq nişanı da yalnız onlarda ola bilər. Hər məqalədə müəllifi yazılır.
Texniki
Hansı telefonlarda işləyir?
iPhone və Android telefonlarda. Yükləmə keçidi lunalist.app/app telefonuna uyğun mağazanı özü açır.
İnternetsiz işləyir?
Bəli. Qeydləri internet olmadan da edə bilərsən. İnternet qoşulanda hamısı avtomatik yadda saxlanılır.
Çox bildiriş göndərir?
Xeyr, gündə ən çox iki. Hər növü (xatırlatmalar, sağlamlıq tövsiyələri, icma) ayrıca söndürə bilərsən.
Neçə yaşdan istifadə etmək olar?
LunaList 17 yaşdan yuxarı istifadəçilər üçündür.
Sağlamlıq
Bu, tibbi məsləhətdir?
Xeyr. LunaList məlumat verir, diaqnoz qoymur və həkimi əvəz etmir. Qeydlərində həkimə getməyi tələb edən bir şey görsə, bunu açıq deyir. Narahatlığın varsa, mütləq həkimə müraciət et.
LunaList nə vaxt «həkimə müraciət et» deyir?
Qırmızı xəbərdarlıq yalnız qeydlərin həkimə müraciəti məsləhət edəndə görünür. Məsələn, çox uzun müddət aybaşı olmayanda və ya ağrı və qanaxma qeydləri adi aralığından çox kənara çıxanda. Tətbiqdən asılı olmayaraq, səni narahat edən hər şeylə həkimə müraciət et.